“Dinçer və Carçıoğlu” (SCALİS) Birgə Müəssisəsində Zəfər Günü münasibəti ilə tədbir keçirilib.
07.11.2025-ci il tarixdə “Dinçer və Carçıoğlu” (SCALIS) Birgə Müəssisəsinin Baş ofisində Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbiri bayram təbrikləri ilə açan Baş direktorun insan resursları, təşkilati idarəetmə və kommunikasiyalar üzrə müavini Sübhan İsmayılovun təklifi ilə bu qürurverici günü bizə yaşadan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra S. İsmayılov Birgə Müəssisənin baş direktoru Sevdiyar Əliyevin təbriklərini və salamlarını tədbir iştirakçılarına çatdırdı. O, Qarabağda Ermənistan–Azərbaycan münaqişəsinin qısa tarixçəsindən və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizi və xalqımızı Zəfər Gününə aparan hərbi, siyasi-diplomatik məharətindən, çoxşaxəli fəaliyyətindən bəhs etdi.



Azərbaycan əsgərinə, ordumuza və Ali Baş Komandana minnətdarlığını bildirən Birgə Müəssisənin satış direktoru Azər Cəfərov, maliyyə üzrə baş menecer Şeyx Əli Əkbər İsmayılzadə, İlk Həmkarlar Təşkilatının sədri Namiq Nurməmmədov və digər əməkdaşlar çıxış edərək qeyd ediblər ki, Vətən müharibəsi zamanı baş direktor Sevdiyar Əliyevin təşəbbüsü ilə ordumuzla həmrəylik məqsədilə 30.000 manat ianə edilib, həmçinin cəbhəyə tonlarla ərzaq məhsulu göndərilib. Onlar həmçinin bayram təbriklərini də çatdırıblar.


Tədbirdə Birgə Müəssisənin müharibə iştirakçısı olan əməkdaşları – Pərviz Bünyatov, Elvin Həsənov, Vüsal Babayev və Məhəmməd Zeynalov çıxış edərək müharibə ilə bağlı xatirələrini bölüşüblər.
Sonda Birgə Müəssisənin müharibə iştirakçısı olan 20 əməkdaşının hər birinə bayram hədiyyələri təqdim edilib və xatirə fotosu çəkdirilib.

